Yunanıstan mətbuatı mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərini diqqətlə izləyir.
Teleqraf.com xəbər verir ki, “Kathimerini” qəzeti Türkiyə-Yunanıstan münasibətlərinin gələcəyi ilə bağlı diqqətçəkən məqalə dərc edib.
İddiaya görə, Yunanıstan sabah keçiriləcək seçkidə Prezident Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına əmindir. Buna hazırlaşan Afina iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atmaq istəyir.
Məqalədə qeyd edilir ki, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis iyunun 25-də keçiriləcək seçkinin ikinci turunda qalib gələcəyi təqdirdə Ərdoğanla tez bir zamanda görüşmək istəyir.
Qəzet iki liderin görüşünün böyük ehtimalla NATO sammitində baş tutacağına dair iddiaya yer verib.
Afinanın əsas məqsədi Ankara ilə birbaşa qarşılıqlı əlaqə kanallarını aktivləşdirməkdir.
Mitsotakisin zəlzələdən sonra başlayan normallaşma prosesinin yaxınlaşmaya çevrilməsini istədiyi iddia edilir. Yuna nəşri vurğulayır ki, Prezident Ərdoğanla şəxsi əlaqənin olmaması Yunanıstan üçün problem yarada bilər.
İki lider arasında qarşılıqlı əlaqə kanalı açılarsa, kəşfiyyat xarakterli təmaslar, siyasi dialoq və müsbət gündəm kimi mövzularda irəliləyiş əldə oluna biləcəyi düşünülür.