30 May 2023 23:12
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən prezident və parlament seçkilərindəki məğlubiyyətlər ölkənin ana müxalifət partiyası CHP-də daxili hesablaşmalara səbəb olub.

Teleqraf.com xəbər verir ki, seçkilərdən dərhal sonra CHP sədri Kamal Kılıçdaroğluna istefa çağırışları artıb.

Prezident seçkilərinin ikinci turunda da məğlub olan Kılıçdaroğlu isə CHP başqanlığını tərk etməyəcəyi mesajını verib: “Yürüşümüz davam edir, buradayıq”.

CHP liderliyinə iddialı olduğu bildirilən İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə dəyişiklik tələb edib. Onun sözlərinə görə, dəyişməyən (CHP-də) tək şey dəyişiklikdir.

Bələdiyyə sədri son çıxışında da üstüörtülü şəkildə bu yöndə mübarizə aparacağını bəyan edib:

“Mən keçmişi təmsil etmirəm. Öyrənilmiş acizlik, klişelər dəftərimdə yoxdur. Yolda olmaq bir seçimdir. Yola çıxmaq bir seçimdir. Xoşbəxtlik yolda olmaq və davam etməkdir. Artıq yoldayam, indi o yolda sürətimi artıracam. Kaş bu gün hər şey yaxşı olaydı, kaş bu gün milyonlarla insan xoşbəxt olaydı. Kaş ki olsun. Təəssüf ki, olmadı. Əgər xoşbəxtlik yola çıxmaq və yolda olmaqdırsa, o mənzilə yetişmək üçün daha sürətli qaçacam”.

Türkiyə mətbuatı Əkrəm İmamoğluna post-Kılıçdaroğlu dövründə yeni CHP lideri kimi baxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər