“İsveçin NATO-nun tamhüquqlu üzvü olacağı ilə bağlı tamamilə sakitəm”.
Teleqraf.com “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Osloda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşlərinin keçirildiyi dəyirmi masada deyib.
Nəşr qeyd edir ki, NATO-nun baş katibi bu bəyanatı indiyədək İsveçin müraciətinə mane olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsindən iki gün sonra verib. Ərdoğan İsveçin üzvlüyünə mane olur, Stokholmu kürd fəallarla əlaqəsi olan türk müxalifətçilərinə sığınacaq verməkdə günahlandırır.
Stoltenberq qeyd edib ki, o, bu prosesin mümkün qədər tez getməsinə kömək etmək üçün Ankara ilə, prezident Ərdoğanla sıx əlaqə saxlayacaq. “Keçən ilin payızından mən hesab edirdim ki, İsveç artıq ratifikasiya yolu ilə qəbul edilməli idi və indi də bu fikirdəyəm. Amma 31 ölkə razılaşmalı olduqda, yəqin ki, bu, bizim istədiyimizdən bir qədər uzun çəkəcək, ona görə də biz bunun üzərində işləyirik”.