31 May 2023 13:35
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın 45-ci prezidenti Donald Trampın reytinqi artmaqda davam edir. O, Prezident Co Baydenlə mübarizəyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, bunun üçün Tramp Respublikaçılar Partiyasının namizədi seçilməli və partiyadaşlarıyla mübarizədə ilkin seçkinin qalibi olmalıdır:

“Rəy sorğuları göstərir ki, eks-prezident partiyadakı rəqiblərini xeyli üstələyir. Məsələn, “Morning Consult” şirkətinin araşdırmasına görə, Trampla respublikaçı əsas rəqibi, Florida ştatının qubernatoru Ron De Santis arasında 43 faizlik fərq var. Yəni Trampa 61 faizlik dəstək varsa, De Santisə dəstək cəmi 18 faiz civarındadır. Buna baxmayaraq, De Santis Trampla gələcək mübarizəyə hazırlaşır.

Trampı sərt çıxışları yenidən məşhurlaşdırıb. O, sadə amerikalıların eşitmək istədiklərini deyir. Məsələn, Tramp bildirir ki, prezident olarsa, Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvan ələ keçirə bilməyəcək. Eks-prezidentin fikrincə, Pekin Vaşinqtonun şərtlərini qəbul edəcək. O, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə dil tapacağını da vurğulayır. Halbuki ABŞ-la Çin arasında münasibətlərdə gərginlik məhz Trampın prezidentliyi dövründə başlamışdı və Ağ Evin o zamankı sahibi Çinə qarşı sərt sanksiyalar tətbiq etmişdi.

Co Bayden bu siyasəti davam etdirmək məcburiyyətində qalıb. Çin Tayvanı ələ keçirmək istəyərsə, Trampın Pekini necə saxlayacağı sual doğurur. Tramp prezidentliyi dövründə Şimali Koreyanın diktator liderini nüvə silahından imtinaya inandıra bilmədi. O, bunu bacarmadısa, Pekini Tayvandan imtinaya necə inandıracaq?”.

Mərkəzin ekspertlərinin fikrincə, Tramp respublikaçı rəqibləriylə amansız mübarizəyə hazırlaşır və qələbə çalacağına əmindir:

“Tramp istənilən rəqibi ilə televiziyalarda debat aparmağa hazır olduğunu bildirib. Ümumiyyətlə, o, son aylarda müsahibələrin sayını artırıb, hətta vaxtilə onu tənqid edən kanallarda da çıxışlar edir.

Prezident seçkisi yaxınlaşdıqca Tramp fəallığını daha da artıracaq. Tanınmış respublikaçı senatorlar, o cümlədən vaxtilə partiyalarından prezidentliyə iddalı olan Marko Rubio və Ted Kruz da Trampı dəstəkləməyə hazırdır. Görünür, hər iki senator bununla Trampın mümkün qələbəsi ilə müxtəlif vəzifələrə ümid edirlər.

Ağ Evin hazırki sahibi Baydenin reytinqi yüksək deyil. Baydenin fiziki durumu və çıxışları zamanı səhvləri amerikalıları narahat edir. Ona görə də gələcək seçkidə Trampın şansları yüksək sayıla bilər.

Trampa mane ola biləcək amillərdən biri ona qarşı hər hansı məhkəmə çəkişməsi ola bilər. Ancaq Tramp bu kimi sınaqlardan uğurla çıxa bilən siyasətçidir. Amerika tarixində, adətən, bir dəfə prezident olan sonrakı illərdə iddiasını ortaya qoymur. Özü də Tramp prezidentliyini davam etdirmək üçün rəqibi Baydenə məğlub olub. Buna baxmayaraq, Tramp ənənəvi siyasətçilərdən deyil, gələcək mübarizəyə köklənib”.


Müəllif: Mənsur Rəğbətoğlu