NATO baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında alyans rəhbərinin özü məlumat verib.
“Bu həftənin əvvəlində Prezident Ərdoğanla danışmışam. Həmişə İsveçin üzvlük məsələsində irəliləyişin əldə edilməsinin vacibliyini vurğulayıram. İsveçin mümkün üzvlüyünə necə nail ola biləcəyimizi müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya da gedəcəm”, - Stoltenberq bildirib.
O, Türkiyə və digər müttəfiq dövlətlərin NATO-nun ötən il Madriddə keçirilən toplantısında İsveç və Finlandiyanı üzvlüyə dəvət etdiklərini vurğulayıb:
“Bütün müttəfiqlər və Türkiyənin İsveçi tamhüquqlu üzvlüyə dəvət etdiyini və bunun Madriddəki son sammitdə baş verdiyini unutmayaq. Çox sürətli qəbul prosesi oldu. Finlandiya artıq üzv olub, əminəm ki, İsveç də olacaq. Bunun mümkün qədər tez baş verməsi üçün çalışırıq. Mesajım budur ki, İsveçin üzvlüyü İsveç üçün, Skandinaviya ölkələri üçün, Baltikyanı ölkələr üçün və həmçinin NATO üçün yaxşı olardı. Bu, NATO-nu daha da gücləndirəcək, həm də Türkiyə və bütün müttəfiqlər üçün faydalı olacaq. Yaxın vaxtlarda Ankaraya gedəcəm, amma tarix hələ dəqiq deyil”.