2 İyun 2023 11:54
5 947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinlə ABŞ həm birbaşa mübarizə aparır, həm də hər ikisinin maraqları müxtəlif ölkələrdə toqquşur. ABŞ müttəfiqləri vasitəsilə Liviyada Qəddafi rejimini devirdikdən sonra Çinin neft şirkətləri bu ölkədə 50 milyard dollara yaxın yatırımlarını itirdilər. Eyni zamanda, Yəməndə vətəndaş müharibəsi başladıqdan sonra Çin öz vətəndaşlarını bu ölkədən çıxarmaq üçün hərbi gəmilərindən istifadə etdi. Yəni Çin yatırım qoyduğu ölkələrdə qeyri-sabit durumla üzləşdikdə maliyyə itkiləriylə də üzləşir. Pekində hesab edirlər ki, Vaşinqton qəsdən Çinə müxtəf ölkələrdə problemlər yaşadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri deyirlər ki, Çinin növbəti nəhəng layihəsi “Böyük İpək Yolu”dur:

“Bu nəqliyyat layihəsində onlarla ölkə iştirak etməyə maraq göstərir. Çin bu nəqliyyat yolu vasitəsilə məhsullarını Avropa bazarlarına çatdıracaq. Nəqliyyat yolunun üzərindəki hər hansı ölkədə qeyri-sabit durum yaranarsa, bu, Çinin də maraqlarına mənfi təsir edəcək. Çin şirkətləri bəzən çalışdıqları ölkədə də təhlükəsizlik problemi yaşayırlar. Məsələn, Pakistanda Çinə məxsus “China Gezhouba Group Company Limited” şirkətinin mühəndislərini daşıyan maşın karvanı partladılmışdı. Mərkəzi Asiya ölkələrində də zaman-zaman yerli işçilərlə çinlilər arasında gərginlik yaşanır. Bu səbəbdən Pekin yatırımları və müxtəlif ölkələrdə çalışan işçilərini qorumaq barədə də planlar hazırlayır.

Çində hərbi hazırlıq fəaliyyətləri genişlənib. Pekin bu sahədə tərəfdaş ölkələrlə əməkdaşlığa önəm verir. Məsələn, Çinin hərbi mərkəzlərində 107 ölkədən 6 minə yaxın hərbçi təhsil alıb. Çin bununla dost sayını artırmağa çalışır. Çində təhsil alan xarici hərbçilər arasında 8 müdafiə naziri təyinatı alan olub”.

Təhlildə qeyd olunur ki, Pekinin istifadə etdiyi “yumşaq güc” ona daha çox dost qazandırmağa hesablanıb:

“Çin müxtəlif ölkələrdə ona lazım olan yeraltı sərvətlərin istismarına maraq göstərir. Pekin əvvəlcə həmin ölkəyə maliyyə dəstəyi verir, sonra ora investisiya cəlb edir, üçüncü mərhələdə hərbi əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Məsələn, Çin Afrikanın neftlə zəngin ölkəsi olan Nigeriya ilə müxtəlif sahələrdə əməkdaşlığını genişləndirib. Nigeriyalı hərbçilər Çinin hərbi mərkəzlərində kurslarda iştirak edirlər. Çin Nigeriya hərbçilərinə antiterror təlimləri keçir. Bu, Pekin üçün ona görə vacibdir ki, nigeriyalı hərbçilər bu ölkədəki yatırımları və müəssisələrini qoruya bilsinlər.

Çin Mərkəzi Asiya ölkələriylə də eyni əsasda əməkdaşlıq etməyə çalışır. Mərkəzi Asiya ölkələri Çinlə iqtisadi əlaqələrə önəm versələr də, Pekinlə hərbi əməkdaşlıqda ehtiyatlı mövqeyə üstünlük verirlər. Mərkəzi Asiya ölkələrinin hərbçiləri Türkiyənin hərbi mərkəzlərində təhsilə maraq göstərirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər