“Qərb Əfqanıstan və İran arasında müharibənin başlamasına çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni Ermənistan mətbuatına açıqlamasında deyib.
Əfqanıstan-Taliban Hərəkatı ilə İran arasındakı son toqquşmalardan danışan ekspert hər iki tərəfdən itkilərin olduğunu bildirib.
Hüseyni Taliban hərbçilərinin tez-tez İran sərhədçiləri ilə toqquşduqlarını söyləyib:
“Son aylarda Herat əyalətindəki İslam Qala keçid məntəqələrində və Nimroz vilayətindəki İpək Körpüsündə Taliban sərhədçiləri İran sərhəd qoşunları ilə bir neçə dəfə toqquşub. Taliban hətta sərhədi pozmağa, İran ərazisinə daxil olmağa və bir neçə saat ərzində bir iranlı sərhədçini ələ keçirməyə cəhd də edib. Amma sonra sərbəst buraxılıb”.
Onun sözlərinə görə, Talibanın İran ərazisinə hücumunun arxasında Qərb dayanır: “İran Amerikanın öz qoşunlarını Əfqanıstandan çıxararkən, Talibana milyardlarla dollar dəyərində silah-sursat buraxmasından şübhələnir”.
Ekspert vurğulayıb ki, hazırda tərəflər arasında gərginlik səngisə də, bir səhv müharibəyə səbəb ola bilər:
“Müharibənin olmasını istəmirik, amma kiçik bir səhv ucbatından çoxlu müharibələr baş verib, fikir ayrılıqları ciddi münaqişələrə çevrilib. Ona görə də hər iki tərəfin siyasətçiləri ayıq olmasa, fikir ayrılıqları daha da dərinləşə və münaqişəyə çevrilə bilər”.