Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojin (“Putinin aşpazı”) çeçen siyasətçiləri və hərbçiləri ilə aralarında olan konfliktin həll olunduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun mətbuat xidməti yayıb.
“Ramzan elə həmin gün mənə zəng etdi. Onunla danışdıq və razılaşdıq ki, bütün bunlara son qoyaq”, - Priqojin deyib.
Eyni zamanda, “Vaqner” lideri ona ünvanlanan bəyanatları “təxribat xarakterli” adlandırıb, amma qeyd edib ki, millətlərarası münaqişənin qarşısını almaq üçün onlara cavab verməmək qərarına gəlib:
“Meydanda qarşıdurmadan başlayaraq istənilən konflikt səviyyəsinə asanlıqla gələ bilərdik, inanın ki, “Axmat”la (çeçen xüsusi təyinatlıları) “Vaqner”in qarşıdurmasında qalib bəlli olacaqdı, amma çoxlu qan töküləcəkdi. Üstəlik, “Axmat” haqda heç kim təhqiramiz söz demir”.
Priqojin hərbi rəhbərliyin cinayətləri ilə bağlı təhlükəsizlik orqanlarına şikayət ərizəsi verdikdən sonra ona qarşı açıqlamalar verildiyinə də diqqət çəkib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu fonda Təhlükəsizlik Şurasının iclasını çağırmalı və vəziyyəti nizamlamalıdır.