4 İyun 2023 14:23
4 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən yeni kabinetini elan etməsindən sonra İngiltərənin “Röyter” Agentliyi diqqətçəkən təhlil dərc edib.

Teleqraf.com xəbər verir ki, təhlildə yeni komandada vəzifələri yüksəldilən beş ismə xüsusi diqqət çəkilib.

“Mayda keçirilən seçkilərdən sonra hakimiyyətini 20 ildən çox uzadan Ərdoğan yeni iqtisadiyyat və xarici işlər nazirləri də daxil olmaqla, yeni hökumətini elan edib. Yeni kabinetdən fərqlənən əsas isimləri belə müəyyən edə bilərik”, - deyilən məqalədə həmin isimlərin fəaliyyətlərinə vurğu edilib.

“Röyter” yeni iqtisadiyyat naziri Məhmət Şimşəklə bağlı yazır:

“Keçmiş maliyyə naziri Şimşək xəzinə və iqtisadiyyat naziri təyin edildi. 2009-2018-ci illərdə nazir və baş nazirin müavini vəzifələrində çalışdığı dövrdə maliyyə birjalarında böyük hörmətə sahib olub. Onun bu vəzifəyə təyin edilməsi illərdir izlənilən aşağı faiz siyasətində dəyişiklik əlaməti kimi qiymətləndirilir. Şimşək siyasi karyerasından əvvəl ABŞ-ın Ankaradakı səfirliyində iqtisadçı kimi, daha sonra isə “Merrill Lynch”də çalışıb.

İnkişafı və praqmatik mövqeyi vurğulayan islahatların tərəfdarı kimi xarici investorların cəlb edilməsini dəstəkləyir”.

Ən uzun müddət xarici işlər naziri vəzifəsini icra edən isimlərdən biri olan Mövlud Çavuşoğlunun yerinə keçən Hakan Fidan üçün “Röyter” bildirib:

“Ərdoğana ən yaxın adamlardan biri olan Fidan 2010-cu ildən Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olub. Bundan əvvəl də baş nazir olarkən Ərdoğanın müşaviri olub”.

İngilis agentliyi yeni müdafiə naziri haqda yazır ki, bu vəzifəyə təyin olunan 69 yaşlı Yaşar Gülər ​​49 il orduda xidmət edib, 2018-ci ildən isə Baş Qərargah rəisi vəzifəsini icra edirdi. Məqalədə Yaşar Gülərin Hulusi Akarın müdafiə naziri olduqdan sonra vəzifəyə gətirildiyi xatırladılıb. Eyni zamanda, onun 2019-2020-ci illərdə Suriya əməliyyatlarında orduya rəhbərlik etdiyi və İraqdakı əməliyyatlarda iştirak etdiyi bildirilib.

“Röyter” yeni vitse-prezident Cevdet Yılmaz üçün “ənənəvi iqtisadi menecer” ifadəsinə yer verib. Təhlildə Yılmazın bundan əvvəl inkişaf naziri və baş nazirin müavini vəzifələrində çalışdığı xatırladılıb.

2018-ci ildən vəzifədə olan xarici işlər naziri Süleyman Soylunun yerinə gətirilən Əli Yerlikayanın İstanbul valisi vəzifəsində çalışdığı qeyd olunub. Təhlildə Yerlikayanın bundan əvvəl Qaziantep, Təkirdağ və Şırnakda xidmət etdiyi də vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər