Rusiya ordusu son sutka ərzində Ukraynanın müdafiə mövqelərinə 29 dəfə hücum edib. Luqansk və Donetsk vilayətlərində bir sıra ərazilər hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar Kupyan istiqamətində Novoselivsk yaxınlığında uğursuz hücum əməliyyatı keçirib. Liman şəhəri istiqamətində isə Biloqorivkada irəliləməyə çalışıblar.
Rus ordusunun Baxmutda əsas səyləri İvanovsk qəsəbəsi istiqamətində irəliləmək cəhdlərinə yönəlib.
Ukrayna qüvvələri Marin şəhəri ətrafında rusların çoxsaylı hücumlarının qarşısını alıblar.
Bundan başqa, Ukrayna hərbi aviasiyası Rusiyanın mövqelərinə 15 zərbə endirib. Raket qoşunları və artilleriya bölmələri isə rusların 3 idarəetmə məntəqəsini, 2 döyüş mövqeyini, 4 sursat anbarını, 2 zenit-raket kompleksini və 4 elektron döyüş stansiyasını məhv edib.