Vaşinqtonla Pekin arasında dilaoq yaxın tarixin ən aşağı səviyyəsindədir, rəsmilərin qarşılıqlı səfərləri azalıb. Sinqapurda iyunun əvvəlində keçirilən Şanqri-La Dialoqu beynəlxalq konfransda ABŞ və Çin müdafiə nazirləri Llyod Ostinlə Li Şanfu şam yeməyində qısa fikir mübadiləsi aparıblar. Halbuki bundan əvvəl nazirlərin geniş fikir mübadiləsi aparacaqları anons edilmişdi, amma olmadı.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Çin müdafiə naziri görüşdən imtina edib:
“Çin müdafiə naziri amerikalı həmkarıyla telefonla danışmaqdan da bir neçə dəfə yayınıb.
Şanqri-La Dialoqu Asiya və Sakit okean regionu ölkələrinin müdafiə nazirlərinin ənənəvi görüş və müzakirə formatıdır. Tədbirə Avropadan da qonaqlar dəvət edilib. Vaşinqton bu konfrans vasitəsilə Pekinlə dialoqu bərpa etmək istəyirdi, amma rədd cavabı alıb. Məsələ budur ki, ABŞ-ın Çinin müdafiə nazirinə qarşı sanksiyaları var. Sanksiyalar Çinin Rusiyadan hərbi təyyarələr və S-400 kompleksləri alması ilə əlaqəlidir. Çin müdafiə nazirinə qarşı sanksiya qərarı Donald Trampın prezidentliyi dövründə qəbul olunub. Co Bayden bu qərarı ləğv etməyib.
“Röyter”in məlumatına görə, Sinqapurdakı toplantıda 20 ölkənin təhlükəsizlik xidmətlərinin yüksək rütbəli təmsilçiləri arasında qapalı görüş də baş tutub. Tərəflər mövcud təhlükələri müzakirə ediblər. Qapalı görüşdə Çin təmsilçisi iştirak etsə də, təhlükəsizlik məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Çinin “South China Morning Post” qəzeti hazırkı şərtlər altında iki ölkə arasında danışıqların mümkün olmayacağını yazıb. Doğrudur, kiçik ranqlı diplomatlar arasında təmaslar olur, ancaq liderlər və nazirlər görüşmürlər”.
Təhlildə qeyd edilir ki, Pekin təmasların başlaması üçün Vaşinqtonun Çinə qarşı sanksiyalarının ləğvini vacib sayır:
“Bundan başqa, Pekin Vaşinqtonun bölgədə hərbi bloklar yaratmasından narahatdır. Bunlardan biri AUKUS-dur. ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən bu blok bölgədə birgə hərbi təlimlərin sayını artırıb. Pekin hesab edir ki, bu fəallıq Çinə qarşı yönəlib.
Bu arada, Pekin Çin şirkətlərinə ABŞ istehsalı “Micron” yarımkeçiricilərinin alınmasını qadağan edib. Pekin hesab edir ki, həmin yarımkeçiricilər Çinin təhlükəsizliyi üçün təhdiddir.
Vaşinqton Pekinin Ukrayna və Tayvan siyasətindən narahatdır. Bu narahatlıq ortadan qaldırılmayana qədər Vaşinqton Çinə qarşı sanksiyalarını yumşaldacağı problematikdir. Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləmir, əksinə, Rusiyanın maraqlarının nəzərə alınmasının vacibliyini bildirir.
Çin lideri Si Cinpin Tayvanı ələ keçirmək siyasətindən də əl çəkməyib. Əslində, Tayvanla münaqişə ilk növbədə Çinin maraqlarına ziddir. Çinin Rusiya ilə ticarət mübadiləsi 190 milyard dollar olduğu halda, Tayvan adasıyla ticarət mübadiləsinin həcmi 200 milyard dollardır. Yəni Çinin müstəqilliyini tanımadığı ada ilə ticarət mübadiləsinin həcmi yaxın dostu və tərəfdaşı olan ölkə ilə ticarət mübadiləsinin həcmini ötür”.