“Qazaxıstan açıq şəkildə göstərdi ki, Rusiyanın qurmaq istədiyi İttifaq Dövlətinin bir hissəsi olmaq fikrində deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkin deyib.
Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev belaruslu həmkarı Aleksandr Lukaşenkonun Moskva və Minsklə birləşmək təklifinə çox aydın cavab verib.
“Tokayev Lukaşenkoya çox incə şəkildə cavab verdi. Tokayev açıq şəkildə Lukaşenkonun sözlərini zarafat kimi qəbul etdiyini dedi. Normal dilə tərcümə edilərsə, Qazaxıstan heç bir şəkildə İttifaq Dövlətinə qoşulmaq niyyətində deyil. Tokayev beynəlxalq hüquqa zidd olduğu üçün Qazaxıstanın nüvə silahına ehtiyacı olmadığını da bildirib və birbaşa Lukaşenkonu bu beynəlxalq normanı pozmaqda ittiham edib”, - sabiq nazir bildirib.
Bununla belə, Klimken qeyd edib ki, Tokayev hələ də vektoru Avropaya doğru dəyişmir, o, Uzaq Şərqə baxır:
“Bu yaxınlarda Çində Mərkəzi Asiya ölkələrinin sammiti oldu. Fikrimcə, uzunmüddətli perspektivdə Mərkəzi Asiya Çinin dolayı təsir zonasına çevriləcək. Lukaşenko isə İttifaq Dövlətindən vahid dövlətə çevrilməyə doğru sürüklənir, çox güman ki, Putin onun qarşısına belə bir şərt qoyub. Bu, əslində çox üzücüdür, çünki ruslardan köklü şəkildə fərqli mentalitetə malik belaruslar buna qətiyyən layiq deyildilər”.