“Rusiya ilə münasibətləri gərginləşdirən Ermənistan hakimiyyəti ölkəni Suriyaya çevirə bilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetinin təhlilində deyilir.
“Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərində bəlkə də finiş xəttinə çatıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsilə uzun müddətdir ardıcıl olaraq anti-Rusiya xətti təbliğ olunur. Təhlükəsizlik Şurası tez-tez qalmaqallı bəyanatlar verir. Məsələn, Rusiyanın Ermənistanı dəhliz verməyə məcbur etməsi və ya Ermənistanın Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almadığı fikri Qriqoryanın ağzından çıxdı. Həmçinin “Laçın dəhlizinə Rusiya cavabdehdir”, “Ermənistan KTMT-dən çıxmaq məsələsini müzakirə edir” və sair. Dünən Qriqoryan demək olar açıqca bəyan etdi ki, Ermənistan Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat kommunikasiyalarına Rusiyanın nəzarətindən imtina edir”, - məqalədə qeyd olunur.
Erməni nəşri hesab edir ki, Rusiya ilə münasibətləri gərginləşdirmək Ermənistana baha başa gələ bilər:
“Paşinyan Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığımızı etiraf etməkdən çəkinmədi, üstəgəl, Türkiyə faktorunu önə çəkərək Ərdoğanın andiçmə mərasiminə qatıldı. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, Ermənistan Rusiyanın təhlükəsizlik çətirindən imtina etmək niyyətindədir, amma bunun alternativi barədə məlumat verilmir.
Dünən xarici işlər naziri Ararat Mirzoyan da Armen Qriqoryanın mövqeyini təkrarlayıb.
Əlbəttə, heç kim demir ki, biz o qədər güclü olsaydıq, öz sərhədlərimizi müstəqil şəkildə özümüz qoruyardıq, amma belə deyil.
Mirzoyan təfərrüatlara varmadan Qriqoryanın mövqeyini (kommunikasiyalara nəzarətlə bağlı) diplomatik dildə təkrarlayıb.
Politoloq Suren Zolyanın fikrincə, münasibətlərdə gərginlik o həddə çata bilər ki, Ermənistan Rusiyanın təhlükəsizlik zəmanətindən imtina edə, məsələn, 102-ci hərbi bazanı çıxara bilər. Onun sözlərinə görə, belə bir ssenari Ermənistanı Suriyaya çevirə bilər”.
Zolyanın iddiasına görə, Rusiyanın geri çəkilməsindən sonra Ermənistanda yaranan boşluğu Türkiyə dolduracaq.