6 İyun 2023 16:45
6 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serbiya silahlarının vasitəçilər tərəfindən Ukraynaya daxil olmasına etiraz etmir”.

Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Financial Times”a müsahibəsində deyib.

Nəşr qeyd edir ki, Serbiya əvvəllər Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edirdi, amma indi Belqrad taktikanı dəyişmiş kimi görünür. Vuçiçin sözlərinə görə, serb silah-sursatları vasitəçilər tərəfindən Ukraynaya daxil olur və onun qarşısını almaq fikri yoxdur.

“Ola bilərmi ki, belə bir şey baş verir? Bunun ola biləcəyinə şübhəm yoxdur”, - prezident bildirib.

FT-nin iddiasına görə, Serbiyanın oriyentasiyasının dəyişməsi çox güman ABŞ, NATO və AB-nin son zamanlarda Kosovoda artan etnik gərginlikdə Belqradı dəstəkləmək qərarı ilə birbaşa bağlıdır.

Jurnalistin Serbiyanın Kosovo məsələsində Qərbin rəğbətini qazanmaq üçün bilərəkdən Ukraynaya silah tədarük etməyə başlayıb-başlamaması ilə bağlı sualına Vuçiç Belqradın neytral qalmaq arzusunda olduğunu söyləyib.

Vuçiç həmçinin etiraf edib ki, Serbiya Moskva ilə Qərb dövlətləri arasında ip üzərində yeriyir, amma Rusiyanın hərbi səylərinə kömək etməyəcək.

Serbiya lideri əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə hər üç aydan bir əlaqə saxladığı günlər geridə qalıb. O, Moskvadan gələn qonaqları qəbul etmək istisna olmaqla, bir ildir Kremllə əlaqə saxlamadığını qeyd edib.

“Əvvəllər heç vaxt belə olmamışdı”, - Vuçiç vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər