“Rusiya Belqorod vilayətində düşməni məhv etmək əməliyyatı çərçivəsində öz ərazisinə nüvə silahı ilə zərbə endirə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Vaqner” qrupunun lideri Yevgeni Priqojin (“Putinin aşpazı”) deyib.
Onun iddiasına görə, hazırda baş verənlər buna hazırlığa oxşayır.
“Qorxuram ki, öz ərazilərinə nüvə bombası atmaq kimi pis fikirləri yoxdur. Bəlkə də buna görə Belqorod vilayətində geri çəkilirik, onların irəliləməsinə imkan veririk, bu, başqasının nöqteyi-nəzərindən qorxuludur, amma öz nöqteyi-nəzərimizdən əl çəkəcəyik, necə gözəl ruhi xəstə olduğumuzu göstərəcəyik”, - Priqojin qeyd edib.
“Vaqner” liderinin sözlərinə görə, Belqorod vilayətinə taktiki nüvə silahı ilə zərbə endirilməsi “kəndlərdən birində düşmənin məhv edilməsi əməliyyatı” kimi maskalana bilər. Bununla belə, o, Müdafiə Nazirliyinin səhlənkarlığına eyham vuraraq, Rusiya nüvə silahlarının yararlılığına şübhə ilə yanaşıb.
Bundan başqa, Priqojin Müdafiə Nazirliyinə Belqorod vilayətini azad etmək üçün iki həftə vaxt verib, əks halda “Vaqner”in ora gələcəyini iddia edib. Nizami qoşunların da orada onlarla birlikdə döyüşmələrini tələb edəcəyini söyləyib.
“Rusiya Könüllüləri” Korpusu” və “Azad Rusiya” Legionu ötən günlərdə Rusiyanın Belqorod vilayətində döyüşə başladıqlarını açıqlayıblar.
Mayın 22-də “Azad Rusiya Legionu sərhədi keçərək Belqorod vilayətinin Qrayvoron rayonuna daxil olub.
İyunun əvvəlində əməliyyatın ikinci mərhələsinin başlandığını elan ediblər. Daha sonra könüllülər Şebekino şəhərinin ətrafına daxil olduqlarını və Nova Tavolyanka kəndini nəzarətə götürdüklərini bildiriblər.