“Hürriyət” qəzetinin yazarı Ahmet Hakan girdiyi bütün seçkilərdə qalib gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu uğurunun sirlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, jurnalist Ərdoğanın hər seçkidə ən zəif rəqiblərini belə ciddiyə aldığını deyib.
Ahmet Hakana görə, Türkiyə liderinin uğurunun sirləri bunlardır:
“Necə olur ki, Ərdoğan həmişə qalib gəlir? Bunun sirri 9 bənddədir.
Şərtlərə görə dəyişmək
Şərtlərə uyğun dəyişməkdən çəkinmir. Necə yenilənəcəyini bilir. Səhvdə israr etmir, dəyişiklik istəyinə qulaqlarını tutmur.
Komanda qurma ustası
Daim öz partiyasından, komandasından “yeni ulduzlar” çıxarır. Çox yaxşı komanda qurur və komandasını çox yaxşı motivasiya edir.
Qazanmağa fokuslanıb
Hər hansı mahalda az səs toplanırsa, bunu böyük problemə çevirir. “Onsuz da qalib gəldik” demir. Qalib gələ bilmədiyi yerlərə görə üzülür, əsəbiləşir.
Dayanmır, dayanmır
Baxın, yeni nazirləri vəzifələrini təhvil alan kimi dərhal işə başlayıblar. Bodruma qaçmaq, üç günlük tətil yoxdur.
Seçicini müdafiə edir
Ona səs verənləri təhqir və nifrət edənlərə ən sərt reaksiyanı göstərir. Bu barədə barışmaz və çox sərtdir. Heç vaxt bu mövzunun üstündən keçmir.
İnandırıcılığa diqqət edir
Vəzifə bazarlığına icazə vermir. Sırf səçkiyə gedəcək deyə “suriyalıları avtobuslara doldurub dərhal göndərəcəm” demir. Sözünü tutur.
İntuisiyası güclüdür
Rəqibini ciddiyə alır və tanıyır. Heç bir seçkini “qarantiya” kimi görmür. Hər seçkiyə “ən riskli seçki” kimi gedir.
Nəticələrdən dərs alır
Seçkilərin nəticələrini yaxşı təhlil edir. Uğursuz olduğu şeylərlə üzləşməyi bilir və üzərinə getməkdən çəkinmir. Bunu böyük məsələyə çevirir.
Dərhal yeni seçki
Qələbə qazandığı gecə onun fikrində yalnız növbəti seçki olur. Həmin gecə yeni seçkilərə start verir və dərhal yeni seçki üçün işə başlayır”.