“Hazırda Tacikistan hökuməti ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) mümkün üzvlüyünü nəzərdən keçirmir”.
Teleqraf.com xəbər verir ki, bunu Tacikistan Xarici İşlər Nazirliyinin sözçüsü Şoxin Səmədi deyib.
XİN sözçüsü Rusiya xarici işlər naziri Sergey Lavrovun Tacikistanın tezliklə AİB-ə qoşulmağın üstünlüklərinə özü qərar verəcəyinə ümid etdiyini bildirən sözlərini belə şərh edib.
Səmədi bildirib ki, tərəflər nə Prezidenti Emoməli Rəhmonla görüşdə, nə də xarici işlər naziri Sirojiddin Muxriddinlə danışıqlarda Tacikistanın birliyə inteqrasiyası məsələsini müzakirə ediblər.
“Tacikistanın AİB-ə üzvlüyü gündəmdə deyil. Düşənbədə keçirilən görüşlərdə ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik, eləcə də iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa diqqət yetirilib”, - sözçü vurğulayıb.
Tacikistanın Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın daxil olduğu AİB-ə üzvlüyü məsələsi 2015-ci ildən müzakirə olunur.