8 İyun 2023 21:13
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun yay əks-hücumu payız uğurlarının asan təkrarı olmaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzeti yazır.

Nəşr qeyd edir ki, Ukrayna ordusunun ötənilki qələbələrinin izahı asandır. Xarkov vilayətində əks-hücum ruslar üçün tamamilə sürpriz olub, çünki onlar həmin vaxt cənubda müdafiəyə hazırlaşırdılar. Xersonda isə rus ordusu Dnepr çayı vasitəsilə qüvvə tədarükü ilə bağlı çətinliklərlə üzləşmişdi. İndi müharibənin ümumi mənzərəsi əsaslı şəkildə dəyişib. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatına təsir edəcək üç əsas amil var.

Cəbhə xəttinin yeni konfiqurasiyası

İndi Rusiya cəbhəsinin qərb cinahı xüsusilə Kaxov bəndinin partladılmasından sonra keçmək çətin olan Dnepr çayı ilə qorunur. Hücumun açıq istiqaməti Zaporoje düzənliyidir, amma ruslar bu varianta geniş sahə istehkamları və minalanmış sahələr şəbəkəsi quraraq hazırlaşıblar.

Bunların aradan qaldırılması Ukrayna Silahlı Qüvvələri üçün çətin iş olacaq və vaxt tələb edəcək, bu müddətdə rusların ehtiyatları təhlükə altında olan ərazilərə çəkməyə zamanı olacaq.

Yeni silahlar

Silahlı Qüvvələr çoxlu yeni Qərb silahları alıb ki, bu da Ukrayna ordusunda silahlarla bağlı vəziyyəti ciddi şəkildə dəyişdirib. Bundan əlavə, bütöv briqadalar Qərbdə təlim keçib, xüsusən də hücum əməliyyatlarına hazırlaşıblar.

Motivasiya

Nəşr bildirir ki, Rusiya ordusunda müharibə başlayandan psixoloji problemlər yaranıb və Baxmutda “pirr qələbəsi” ilə başa çatan qış hücumundan sonra vəziyyət heç də yaxşılaşmayıb. Müəlliflərin fikrincə, ukraynalıların motivasiyasında çatlar kiçikdir, amma Ukrayna cəmiyyəti bu əks-hücuma çox böyük ümidlər bəsləyir və bu, böyük uğur əldə olunmasa, emosional məyusluq yarana bilər.

Ötən həftə Prezident Vladimir Zelenski Ukraynanın əks-hücum üçün hazır olduğunu bildirib. İki gün sonra Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Zaporoje vilayətində irimiqyaslı hücuma keçdiyini açıqlayıb. Ağ Ev də Ukraynanın əks-hücumunun başladığını təsdiqləyib. Əsas məqsədin Krıma quru körpüsünü kəsmək olduğu vurğulanıb. Eyni zamanda, amerikalılar deyirlər ki, artıq Ukraynanın gözləntilərini üstələyən müəyyən uğurlar var.

Ukrayna Baş Qərargahı hələlik böyük əks-hücumun başlandığını təsdiqləməyib, amma Silahlı Qüvvələrin Baxmut istiqamətində taktiki irəliləyişini bəyan edib. Baxmutla yanaşı, Zaporoje istiqamətində rusların müdafiəsinin yarılması da iddialar arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər