9 İyun 2023 20:42
3 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baş nazir Viktor Orban NATO-ya üzv ölkələri şantaj edərsə, Macarıstan alyansdan çıxarılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Polşa Quru Qoşunlarının keçmiş komandanı general Valdemar Skşipçak deyib.

General Macarıstan hakimiyyətinin kimin tərəfində olduğunu seçmək üçün kifayət qədər vaxtının olduğu qənaətindədir. Skşipçak vurğulayıb ki, NATO Macarıstana ağlını başına yığmaq üçün kifayət qədər vaxt verib.

“Əgər Macarıstan Putinin tərəfindədirsə, ona “sarı vərəqə” göstərib deyilməlidir: mövqeyinizi dəyişməsəniz, NATO-dan çıxın”, - general bildirib.

Onun sözlərinə görə, Macarıstanın NATO-da şantajını dayandırmaq lazımdır: “Orban NATO-nu şantaj etmək istəyirsə, Macarıstan alyansdan çıxarılmalıdır”.

Polşalı hərbçi qeyd edib ki, Macarıstan Orbanın mövqeyinin NATO-nun birliyinə zərər vurduğunu açıq şəkildə bildirməlidir, ona görə də ölkə ya alyansın yanında, ya da ona qarşı olacaq.

“İkinci halda bizə belə bir Macarıstan lazım deyil, bu, alyans üçün siyasi-iqtisadi yükdür. Orban kimi mövqeyə malik ölkələrə NATO-da yer ola bilməz”, - Skşipçak əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu