Pakistana yaxınlaşan "Biparjoy" siklon qasırğası səbəbindən Sind əyalətinin sahil zolağında evakuasiya əməliyyatlarına başlanılıb.
Teleqraf.com xəbər verir ki, əyalət hökuməti indiyədək Şah Bəndər adasından 2 min nəfəri təxliyə edərək təhlükəsiz ərazilərə yerləşdirib.
Rəsmilər siklon fırtınasının təsirli olacağı gözlənilən Badin bölgəsinin kəndlərindən 50 min insanı təxliyə ediləcəyini açıqlayıb.
Əhalinin dənizə çıxmasının qarşısını almaq üçün Karaçi sahil yolu da nəqliyyata bağlanıb.
Siklon qasırğasının iyunun 15-də Pakistanın sahilyanı ərazilərini vuracağı gözlənilir. Səlahiyyətlilər iyunun 10-da tufan təhlükəsi aradan qalxana qədər balıqçılara üzmək və çimərliklərə girməyi qadağan edib.
Qeyd edək ki, 1999-cu ildə Saffir-Simpson şkalası üzrə 3-cü dərəcəyə bərabər olan fırtına Pakistanın Thatta bölgəsini vurması nəticəsində 6200 nəfər ölüb.