Yunanıstan və ABŞ mediasından Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan varədə maraqlı etiraflar gəlib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin bütün addımlarını izləyən yunan mediası Ərdoğanın ABŞ və AB-nin tələblərini yerinə yetirmək məcburiyyətində olmayan güclü lider obrazını canlandırdığını bildirib.
Türkiyənin Qərbdən kənarda strateji tərəfdaşlarının olduğunu yazan “Ekathimerini” onun Qərbə də qapının bağlanmadığını vurğulayıb.
Türkiyənin Moskvaya qarşı sanksiyalara qoşulmamasından şikayətlənən qəzet Ankaranın F-16 tələbindən narahatlığını da dilə gətirib. Türkiyənin NATO-nun ən böyük hərbi gücü olduğuna diqqət çəkilən təhlildə AB və ABŞ-ın Türkiyəni itirməkdən qorxduqları üçün bəzi mövzuları gündəmə gətirməkdən yayındıqlarını yazıb. Qeyd olunub ki, Türkiyənin İsveçin NATO üzvlüyünə yaratdığı maneələr və ya sanksiyalarla bağlı mövqeyi alyans üzvlərini nə qədər təhdid etsə də, yenə də Ankaranı itirməmək fikri üstün olacaq.
Prezident Ərdoğanın özünü Vaşinqtona və ya Avropaya tabe olmağa ehtiyacı olmayan yeni dövrün güclü lideri kimi gördüyü yazılıb.
Digər tərəfdən, ABŞ-ın “The Hill” qəzetində bu etirafı təsdiqləyən bir təhlil dərc olunub. Ərdoğanın yenidən prezident seçilməsinin ABŞ və onun avropalı müttəfiqlərinə sərt xəbərdarlıq olduğu bildirilən təhlildə vurğulanıb: “Dəqiq olan tək şey Türkiyə ilə münasibətdə diqqətli olmalarıdır”.
Amerika nəşrinə görə, onun Rusiya ilə Qərb arasında bitərəf mövqedə olduğu açıq-aydındır, üstəgəl, güclü lider kimi Ərdoğanın nüfuzu da artacaq.
Türkiyənin coğrafi mövqeyinin önəminə diqqət çəkən qəzet Ukrayna limanlarına gedən gəmilərin Türkiyənin nəzarətində olduğunu və hər hansı bir NATO ölkəsinin bunu təqdir etməməsinin axmaqlıq olduğunu yazıb. Təhlildə vurğulanıb ki, NATO ölkələri taxıl dəhlizinə görə Türkiyəyə minnətdar olmalıdırlar. Türkiyənin xarici siyasətdə atdığı strateji addımlara diqqət çəkən ABŞ nəşri onun güclü bazarlıq mövqeyinə malik olduğunu qeyd edib.
Bildirilib ki, Türkiyə Fələstinlə bağlı İsraili tənqid etməklə yanaşı, həm də Təl-Əvivlə yaxşı əlaqələr qurur, Ukraynaya PUA-lar və zirehli transportyorlar ixrac edir, eyni zamanda Rusiya ilə dəmir-polad başda olmaqla müxtəlif sahələrdə ticari əməkdaşlıq edir.
ABŞ Xarici Əlaqələr Şurasının üzvü Stiv Kukun sözlərinə görə, Vaşinqton və Ankara artıq onları bir-birinə bağlayan əsas təhlükələri və ya maraqları bölüşmür. Bununla belə, ABŞ-ın Ərdoğanın ikinci turda qazandığı tarixi qələbədən narahat olduğu deyilib. Amma ABŞ-ın indiki şərtlər daxilində Türkiyə ilə müttəfiqliyini pozmağı düşünməyəcəyi yazılıb.