Rusiya gecə saatlarında Ukrayna ərazisinə iki “Şahid” tipli PUA atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Bu gecə Rusiya Ukraynaya qarşı növbəti hava hücumu həyata keçirib. Hücumda İranın iki “Şahid” tipli hücum PUA-sından istifadə olunub. Bütün pilotsuz təyyarələr hava hücumundan müdafiə vasitəsi ilə məhv edilib”, - məlumatda deyilir.
Həmçinin, ötən gün ərzində ruslar “X-101”, “X-555” və “X-59” qanadlı raketlərindən istifadə etməklə beş dəfə Ukraynaya aviazərbə endiriblər. Ümumilikdə raket sistemlərindən 80-dən çox hücum təşkil edilib.
“Təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində sənaye obyektləri, Xerson vilayətində yaşayış binaları və inzibati infrastruktur zədələnib”, - məlumatda qeyd edilir.
Ukraynanın bütün ərazisinə raket və hava zərbələrinin endirilməsi ehtimalının çox yüksək olaraq qaldığı vurğulanır.