“Rusiya və Belarus arasında taktiki nüvə silahlarının təhvil verilməsinə dair razılaşma Prezident Aleksandr Lukaşenkonun ölkəyə nəzarəti Kremlə verdiyini göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
ABŞ rəsmisi Belarus liderinin bu qərarını “məsuliyyətsizlik və təxribat” adlandırıb.
“Bu, xalqın iradəsinə zidd olaraq, Lukaşenkonun Kremlə Belarus üzərində daha çox nəzarəti vermək üçün məsuliyyətsiz və təxribatçı seçim etdiyini göstərən daha bir nümunədir”, - Miller bildirib.
Onun fikrincə, belə addımlar Kremlin məsuliyyətsizliyindən xəbər verir, amma hazırda ABŞ nüvə qüvvələrinin mövqelərini tənzimləmək üçün heç bir səbəb görmür.
Rusiya Prezidenti Vladimir Putin martda Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarların tikildiyini açıqlayıb. Beynəlxalq etirazlara baxmayaraq, iki ölkə Belarus ərazisində nüvə silahlarının saxlanmasına dair sənədlər imzalayıb.
Aleksandr Lukaşenko martın 25-də nüvə sursatının ötürülməsinə başlandığını açıqlayıb. Putin isə bir neçə gün əvvəl hazırlıqların iyulda bitməli olduğunu deyib.