Yerin altından böyük həcmdə suyun çəkilməsinin planetimizin fırlanma oxunu dəyişdirdiyi üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, yeni araşdırmada dəyişikliyin arxasında insan faktorunun olması diqqət çəkib.
Yeni araşdırmaya görə, insanlar yerin altından o qədər çox su çəkiblər ki, Yer kürəsinin fırlanma oxu 20 il ərzində təxminən 80 sm Şərqə doğru dəyişib.
Yerin coğrafi qütbünün yerdəyişməsini tədqiq edən elm adamları deyirlər ki, yeraltı suların təsiri olmadan belə bir yerdəyişmə mümkün olmazdı.
Yerin ətrafında fırlandığı ox sabit və statik deyil.
Yer kürəsi Şimal və Cənub qütblərindən keçən xəyali xətt - öz oxu ətrafında fırlandıqca sürüşür və yırğalanır. Fırlanma oxundakı bu hərəkətlərə “qütb gəzintisi” deyilir.
Şimal qütbünün hər il eni 10 metr olan dairə çəkdiyi məlumdur.
ABŞ-ın Kosmik Tədqiqatlar Agentliyinin (NASA) məlumatına görə, XX əsrdə Yerin fırlanma oxunun ildə 4 sm yerdəyişməsi aşkar edilib. Son tədqiqatlarda iqlim böhranının Yer kürəsinin fırlanmasının dəyişməsinə səbəb olduğu üzə çıxıb. Amma yeraltı suların bu yerdəyişməyə təsirini tam müəyyən etmək mümkün olmayıb.