“Rusiyanın Ukraynaya qarşı başladığı müharibə 2024-cü ildə başa çatacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Roman Svitan deyib.
“Avropanın mərkəzində bu səviyyədə uzanan münaqişəyə qətiyyən heç kim dözməz. Ona görə də Amerikanın dəstəyi olmadan, Avropa dövlətlərinin köməyi ilə dövlət sərhədini bərpa etməklə bu müharibəyə son qoyacağıq. Müharibəyə gələn il mütləq son qoyacağıq. Avropa artıq müharibəyə dözə bilməz. Avropa hər şeyi verəcək. Hətta Amerikasız da. Amerika ləngisə belə, avropalılar daha belə yaşamaq istəməyəcəklər, dövlət sərhədinə çatmağımız üçün hər şeyi verəcəklər. Putini daha da sıxışdıracaqlar”, - polkovnik bildirib.
Onun sözlərinə görə, ötən ilin noyabrında Ukrayna ordusuna dəstək dayandırılmasaydı, müharibə bitmişdi:
“Ruslar sağ sahildən sola qaçmağa başlayan kimi imkanlarımız (ötən ilin payızında) yaranmışdı. Silahların göndərilməsi və amerikalıların dəstəyi dayandırılmasaydı, ötən il geri çəkilən düşmənin çiynində Krıma girmək, Dnepr boyunca çəkilməyə məcbur etmək imkanımız vardı, müxtəlif istiqamətlərdən Krıma daxil ola bilərdik. İlin əvvəlindən yenə yardım ləngidi, bu taktika hələ də davam edir, indi gecikmələrin olacağını deyə bilmərəm”.
Svitan ərazilərin azad edilməsinin sürətinin Ukrayna Silahlı Qüvvələrinin aviasiya təminatından asılı olacağını söyləyib: “Aviasiya olmasa, ikinci mərhələ daha çətin olacaq”.
Ukrayna müdafiə qüvvələri son iki həftə ərzində 8 yaşayış məntəqəsini azad edib.