“Ordusunun zəifliyi ucbatından Rusiyanın hərbi imici və nüfuzu Çinin gözündə çöküb. Son 10 ildə Kreml öz ordusuna ən azı 20 trilyon rubl sərmayə qoyub, amma nəticədə dünyanın ikinci hərbi gücü Pekinin gözlədiyindən də zəif olub”.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun polkovniki, Tsinxua Universitetinin əməkdaşı Çou Bo “The Wall Street Journal”a açıqlamasında deyib.
Amerika nəşri yazır ki, Rusiya ordusu “ildırımsürətli müharibə” əməliyyatı əvəzinə savaşın əvvəlində girdiyi Kiyevdən geri çəkilməyə məcbur olub. Müharibənin ikinci ilində də rus qoşunları bir sıra ərazilərdən çəkilib. Xerson bölgəsinin mərkəzi Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Qərb ekspertlərinin iddialarına görə, Rusiya ordusunun canlı qüvvə itkisi 200 min nəfəri ötüb. ABŞ nəşri isə Rusiyanın son altı ayda 100 min hərbçisini itirdiyini qeyd edir.
Çou söyləyir ki, Rusiyanın müharibə ilə bağlı planları reallıqla üst-üstə düşmür: “Bu, onların gözləmədiyi müharibəyə çevrildi”.
Çinli polkovnik hesab edir ki, Vladimir Putin çətin durumdadır, çünki Ukraynada məğlub olsa, xalq qarşısında bunu izah etməli olacaq.
“Prezident Putin müharibədə uduzmağı gözə ala bilməz. Yoxsa bütün bu insanların niyə öldüyünü necə izah edəcək? Bütün bunları əsaslandırmaq üçün ona nəsə lazımdır”, - Çou deyir.
Eyni zamanda, o, Putinin müharibəni uzatmağa nail olacağı təqdirdə Qərbin Kiyevə hərbi dəstəyi davam etdirəcəyinə şübhəylə yanaşır:
“Müharibə uzansa, Qərbin dəstəyi necə davam edə bilər?”.