Rusiya qüvvələri əsas səylərini Liman, Baxmut, Avdiv və Marin şəhərlərinin tutulmasına yönəldib. Son sutka ərzində bu istiqamətlərdə 40-dan çox toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Adıçəkilən istiqamətlər üzrə şiddətli döyüşlər davam edir.
Rusiya qoşunları Liman istiqamətində Dibrova, Biloqorivka və Serebryanka rayonlarında uğursuz hücum əməliyyatları keçirib. Baxmut istiqamətində Orixovo-Vasilivka, İvanivskoy və Bila Qora hədəfə alınıb. Avdivdə isə eyniadlı şəhər, Severnı və Pervomaysk rayonlarına hücum olub.
Ukrayna ordusu Marin şəhəri istiqamətində Rusiyanın çoxsaylı hücumlarının qarşısını alıb. Bu yöndə Marin şəhəri, Pobeda və Novomixayliv yaşayış məntəqələri hücuma məruz qalıb.
Şaxtarski istiqamətində Novomixaylivka və Uqledarda hücum əməliyyatları keçirilib, amma nəticəsiz qalıb.
Rus ordusu Zaporoje və Xerson istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir. Ruslar Zaporoje vilayətinin Pyatixatok qəsəbəsi istiqamətində uğursuz hücum əməliyyatları keçirib. Qəsəbə bir müddət əvvəl Ukrayna ordusu tərəfindən azad olunub.
Bundan başqa, Ukrayna aviasiyası son sutka ərzində Rusiyanın şəxsi heyətinin cəmləşdiyi ərazilərə 12, zenit-raket komplekslərinə isə 6 zərbə endirib. Rusiyaya məxsus Mi-24 hücum helikopteri və 7 kəşfiyyat PUA-sı məhv edilib.
Gün ərzində Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri 3 idarəetmə məntəqəsini, 1 zenit-raket kompleksini, şəxsi heyətin və hərbi texnikasının cəmləşdiyi 2 ərazini, atəş mövqeyində dayanan 13 artilleriya sistemini, 2 radioelektron stansiyasını və 1 sursat anbarını vurub.