“ABŞ Prezidenti Co Bayden görüşdüyü Hindistan Baş naziri Narendra Modi ilə əksəriyyəti hindlilərin təşkil etdiyi Hindistanda müsəlman azlığın qorunmasından danışmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib.
Onun sözlərinə görə, ABŞ prezidentlərinin xarici liderlərlə insan haqları barədə danışması məsələsi mürəkkəbdir, əlaqələrdə iqtisadi və təhlükəsizlik maraqları da nəzərə alınır. Bununla belə, Obama Baydenin Modi ilə görüşündə Hindistanda müsəlman azlığın qorunmasının qeyd olunmağa dəyər bir məsələ olduğunu vurğulayıb.
“Baş nazir Modi ilə görüşsəydim, arqumentlərimin bir hissəsi belə olardı: Hindistanda etnik azlıqların hüquqlarını qorumasanız, Hindistanın nə vaxtsa parçalanmağa başlaması ehtimalı yüksəkdir”, - Obama bunun təkcə Hindistandakı müsəlmanların deyil, hindlilərin də maraqlarına zidd olacağını bildirib.
Eks-prezident bu məsələlər haqda dürüst danışmağın vacib olduğunu düşünür.
“Çində konsentrasiya düşərgələrinə yerləşdirilən və təlim verilən uyğurlar varsa, ABŞ prezidentinin bunun problem olduğunu söyləməsi vacibdir”, - Obama əlavə edib.
Amerikalı demokrat konqresmenlər, o cümlədən ABŞ-da yaşayan müsəlmanlar Hindistanda insan haqları ilə bağlı duruma görə Modinin Konqresdəki çıxışını boykot ediblər. ABŞ-dakı müsəlman icmasının üzvləri Hindistanda müsəlmanların hüquqlarının pozulduğunu əsas gətirərək Modinin səfərinə sərt təpki göstəriblər.