Belarus lideri Aleksandr Lukaşenkonun Moskvaya qarşı hərbi hücumun dayandırılmasında bilavasitə rol oynaması Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna ağır zərbədir, bu, onu aşağılayır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında deyilir.
Amerikalı analitiklər bu durumun Lukaşenkoya bəzi üstünlüklər qazandırdığını iddia edirlər. Belarus lideri öz kanallarından istifadə edərək, vəziyyəti yerindəcə öyrənib və “Vaqner” lideri Yevgeni Priqojinlə danışıqlar aparıb.
İnstitut qeyd edir ki, Lukaşenkonun belə kanallara çıxışı və Priqojinlə uğurlu danışıqları onun “vaqnerçilər”in lideri üzərində müəyyən təsirə malik olduğunu göstərir.
ISW Lukaşenkonun bundan Rusiya və Belarus arasında “Birlik Dövləti”nin rəsmiləşdirilməsini gecikdirmək və ya Putinin Belarus silahlı qüvvələrindən Ukraynada istifadəsinə mane olmaq kimi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışacağını bildirir.
“Kreml son dərəcə qeyri-sabit tarazlıqla üz-üzədir. Lukaşenkonun əldə etdiyi razılaşma qısamüddətli həll yoludur və Priqojinin qiyamı Kreml və Rusiya Müdafiə Nazirliyinin ciddi çatışmazlıqlarını üzə çıxardı”, - təhlildə vurğulanır.
Eyni zamanda, ekspertlər Priqojinin qiyamının, Kremlin buna reaksiyasının və Lukaşenkonun vasitəçiliyinin Rusiya tərəfindən hazırlanması ilə bağlı fərziyyələrin absurd olduğunu söyləyirlər. ISW hesab edir ki, bu qiyam Rusiyanın güc strukturlarının zəifliyini ortaya çıxarıb və Putinin daxili təhlükəni dəf etmək üçün vaxtında qüvvələrdən istifadə edə bilmədiyini göstərib və onun hakimiyyət monopoliyasını daha da sarsıdıb.
“Priqojinin Moskvaya sürətlə irəliləməsi Rusiyanın nizami qüvvələrini gülüş obyektinə çevirdi. “Vaqner”in addımları həm də demək olar ki, bütünlüklə Ukrayna müharibəsi ilə məşğul olan Rusiyanın hərbi ehtiyatlarının deqradasiyasını nümayiş etdirdi”, - institut vurğulayır.
Analitiklər həmçinin qeyd edirlər ki, Kremlin Priqojinin addımına təəccüblənməsi Rusiya kəşfiyyatının səmərəsizliyini üzə çıxarır. Priqojin hələ qiyamdan əvvəl Müdafiə Nazirliyinə qarşı ritorikasını gücləndirsə də, Putin bu riski azalda bilməyib.
“Biz Rusiya hökumətinin tez bir zamanda dağılacağını proqnozlaşdırmırıq. Amma Priqojinin qiyamı və ya 23-24 iyun hadisələrinin həlli prosesi Putin hökumətinə və Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ciddi ziyan vuracaq”, - ISW əlavə edir.