“Aleksandr Lukaşenkonu “Vaqner” lideri Yevgeni Priqojinlə danışıqlara Vladimir Putin göndərib. Putin bu yolla Priqojinlə əldə edilən anlaşmaya və ona verilən vədlərə görə məsuliyyətdən yayınmağa çalışacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın sözçüsü Anna Krasulina deyib.
Belaruslu müxalif Rusiya hərbçilərinin Priqojinə müdafiə naziri Sergey Şoyqudan daha çox hörmət etdiklərini bildirib. Bu onunla bağlıdır ki, müdafiə nazirindən fərqli olaraq, “Vaqner” lideri döyüşlərdə iştirak edir və hərbçilərin problemlərini dərindən bilir.
“Rus qoşunları Priqojinə qarşı döyüşmək istəmədi. Priqojini Moskvanın 200 kilometrliyində dişinə qədər silahlanmış vəziyyətdə saxlayan Putin ona hər şeyi vəd etməyə hazır idi. Bəli, hər şey. Əlbəttə, belə durumda özünün yox, Aleksandr Qriqoroviçin (Lukaşenko) ağzı ilə söz demək daha rahatdır. Niyə? Çünki sonradan hər şeyi onun üzərinə atmaq mümkün olacaq. Məsələn, “mən buna söz verməmişəm, bu, Lukaşenkonun işidir” deyə bilər”, - Krasulina qeyd edib.
Eyni zamanda, onun fikrincə, Priqojin Lukaşenkonun yalan danışdığını bilmir.