İsrail xarici işlər naziri Eli Kohen İranın dünyanı daha təhlükəli bir yerə çevirdiyini və sistemli şəkildə insan haqlarını pozduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, nazir beynəlxalq ictimaiyyətin biganəliyinə son qoymağın və İrana qarşı addım atmağın vaxtının yetişdiyini vurğulayıb.
“İslam Respublikasının dağıdıcı fəaliyyəti Yaxın Şərq, Asiya, Avropa və Amerikaya yayılıb. İran xərçəngə bənzəyir, hara çatırsa, ora zərər verir”, - Kohen bildirib.
Nazir vurğulayıb ki, ekstremist İran rejiminə qarşı güclü beynəlxalq mövqe, iqtisadi və siyasi təzyiqlər, eləcə də hərbi təhdid onun xarici siyasətini, eləcə də vətəndaşlarına münasibətdə dəyişə bilər.
İranın dünyanın təhlükəsizliyini və İsrailin varlığını təhdid etdiyinə diqqət çəkən Kohen deyib ki, bu rejim nüvə silahı əldə etmək istəyərkən, İsrailin məhv edilməsini də dilə gətirir.
Kohen əlavə edib ki, molla rejimi İranda müxaliflərini, jurnalistləri, fəalları, yəhudi vətəndaşlarını və düşmən hesab etdiyi hər kəsi terror alətləri ilə hədəfə alır.
O vurğulayıb ki, İsrail heç vaxt İranın terrorçu rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcək və bu yolda bütün mümkün vasitələrdən istifadə edəcək.
“Dəfələrlə sübut etmişik ki, İranın ən gizli sirlərinə belə daxil ola bilərik. Ayətullah rejiminə təklif edirəm ki, imkanlarımızı sınamasın”, - Kohen əlavə edib.