26 İyun 2023 20:56
1 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ iki rəqibi – Rusiya və Çini dayandırmaq üçün müttəfiqlərinin sayını artırmağa çalışır. Vaşinqton Ukrayna müharibəsinə görə Moskva ilə dialoqu dayandırıb. Vaşinqton Pekinlə münasibətlərdə hələlik dialoqu üstün tutur, ancaq bu, müsbət nəticə vermir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, uzun müddətdən sonra ABŞ dövlət katibi Entoni Blinkenin Pekinə səfəri də müsbət nəticə verməyib:

“Çin lideri Si Cinpin Blinkenlə görüşdə iki ölkə arasında dialoqun genişlənməsi və münasibətlərin normallaşdırılması vacibliyini səsləndirdi. Blinken bununla razılaşdı. Ancaq dövlət katibi geri döndükdən sonra ABŞ Prezidenti Co Bayden Cinpini “diktator” adlandırdı. Bununla Blinkenin Çinə səfəri və Pekində keçirdiyi görüşlər heçə endi.

Vaşinqton son illərdə Hindistanla ittifaqı gücləndirib. Hindistan Baş naziri Narendra Modi iyunun 21-də ABŞ-a üçgünlük səfərinə Nyu-Yorkdan başladı. Modi Nyu-Yorkda sayca 9-cu Beynəlxalq Yoqa Günündə iştirak etdi. Yoqa Amerikada populyar idman növüdür. Nyu-Yorkda tədbirə rekord sayda – 2 min iştirakçı qatıldı. İştirakçılar arasında şəhər meri və BMT baş katibinin müavinləri də vardı. Açıq havada 135 millətin nümayəndəsinin iştirak etdiyi tədbir “Ginnesin Rekordlar Kitabı”na düşdü. Bundan əvvəlki rekord 2022-ic ildə Qətərdə qeydə alınmışdı.

ABŞ-da 3.4 milyon hindli yaşayır, bu, böyük diaspordur. Modi Nyu-Yorkda “Tesla” şirkətinin təsisçisi və tanınmış biznesmen İlon Maskla görüşdü. Maskın Çinin Şanxay şəhərində zavodu olmasına rəğmən, Hindistanla da maraqlanır. Mask Hindistanda elektormobillər istehsal edəcək zavod tikəcək. Özü də bu il ərzində zavodun tikintisinə başlaya biləcəyini deyib. Mask bundan başqa Hindistanda “Starlink” peyk şəbəkəsini yerləşdirmək istəyir. Bu, Hindistanda internet xidmətlərinin sürətlənməsinə imkan yaradacaq”.

Təhlildə qeyd olunur ki, Modi Nyu-Yorkdan sonra paytaxt Vaşintona gedib:

“Vaşinqton bir müddətdir Hindistan rəhbərinin səfərinə hazırlaşırdı. Modi həm Bayden, həm də vitse-prezident Kamilla Harislə görüşdü, Konqresdə çıxış etdi. Ağ Ev və Dövlət Departamenti bu səfərin uğurlu alınması üçün bütün imkanlarını səfərbər etdi.

Vaşinqton Çinlə mübarizədə Hindistanı yanında görmək istəyir. Modinin səfərindən əvvəl ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Dehlidə görüşlər keçirmişdi. Dehlidə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi mövzuları müzakirə olunmuşdu. Bura yüksək texnologiyalardan tutmuş, süni intellekt və hərbi sahə üçün vacib olan yarımkeçiricilərin birgə istehsalına qədər mövzular aiddir. ABŞ Hindistana PUA-lar üçün “General Electric” şirkətinin mühərriklərini satmağı planlaşdırır. Müqavilə 3 milyard dollar dəyərindədir.

Vaşinqton bununla həm də Rusiyanın Hindistanın hərbi bazarında rolunu azaltmağa çalışır. Hindistan Rusiyadan silah və hərbi texnika alışını azaldıb, indi ABŞ dronlarına maraq göstərir. Dehli Rusiya-Ukrayna müharibəsinin gedişatını diqqətlə izləyir. Bu müharibə Rusiya hərbi texnikasının keyfiyyətinin aşağı səviyyədə olduğunu göstərib. Bu, Dehlinin diqqətindən yayınmayıb.

Beləliklə, Dehli Vaşinqtonla sıx əməkdaşlığı genişləndirməyə hazırdır. Modi Vaşinqtondakı çıxışlarında ölkəsinin Amerika ilə hər sahədə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu bütün sahələri əhatə edəcək. Modinin Amerikaya səfərinin yekunu olaraq hərbi-sənaye sahəsində əməkdaşlığın “yol xəritəsi” razılaşdırılıb. ABŞ hərbi gəmiləri Hindistan limanlarına lövbər salıb və bu limanlarda təmir oluna biləcək. Buna baxmayaraq, Dehli Vaşinqtonun istəyi ilə Rusiya və Çinlə münasibətlərdən tam qopmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər