27 İyun 2023 08:17
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litium-ion batareyanın yaradıcısı və Nobel mükafatı laureatı Con Qudenof 100 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun 1986-cı ildən çalışdığı Texas Universitet məlumat yayıb. Ölümün səbəbi açıqlanmayıb.

1922-ci ildə Almaniyanın Jena şəhərində anadan olan Qudenof Yale Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi və Çikaqo Universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

O, Massaçusets Texnologiya İnstitutunda işləyib, sonra Oksford Universitetində Qeyri-üzvi Kimya Laboratoriyasına rəhbərlik edib.

Qudenofun ilk litium-ion batareya prototipi 1980-ci ildə ortaya çıxıb. 10 ildən sonra “Sony” alimin bu ixtirasını patentləşdirdi. 2019-cu ildə Qudenof britaniyalı Stanley Vittinqham və yapon Akira Yoşino ilə birlikdə litium-ion batareyalar üzərində apardıqları araşdırmalara görə kimya üzrə Nobel mükafatını qazanıb. Mükafatı alan zaman alimin 97 yaşı var idi, o, ən yaşlı laureat olub.

O, son illərdə nikel və kobalt katodlarına alternativ olaraq bərk vəziyyətdə olan (şüşə) batareya və litium-dəmir-fosfat katodları kimi yeni enerji saxlama variantlarını araşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər