Silahlı qiyama cəhddən sonra “Vaqner” qrupunun gələcəyi hələ də qeyri-müəyyəndir. Amma çox güman ki, Yevgeni Priqojinin sərəncamında olmayacaq və müstəqil təşkilat kimi qalmağa davam edə də bilməz.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Prezidenti Vladimir Putin xalqa son müraciətində Rusiyanın əsl düşməninin Ukrayna olduğunu bildirib. Eyni zamanda, Rusiya lideri “Vaqner” döyüşçüləri ilə silahlı qiyamın təşkilatçıları və Priqojin arasında fərq qoyub.
“Putin “Vaqner” komandanlığını vətənə xəyanətə görə həbs edə bilərdi, amma bunun əvəzinə bu qrupun döyüşçülərini əfv etməyi və rus ordusuna inteqrasiya etməyi təklif etdi. Bu, onun təlim keçmiş və səmərəli işçi qüvvəsinə ehtiyacının olduğunu göstərir”, - təhlildə bildirilir.
ISW qeyd edir ki, Kreml “Vaqner” qüvvələrini Rusiya Müdafiə Nazirliyinə tabe etmək məqsədi güdür. Amma “vaqnerçilər”in bu hərbi struktura inteqrasiyasının necə planlaşdırıldığı bəlli deyil. Kreml Ukraynada fəaliyyət göstərən “Vaqner” qüvvələrini bölmək və ya onları Müdafiə Nazirliyinə bağlı bölmələrdə qeydiyyatdan keçməyə məcbur edə bilər.
“Kreml “Vaqner”i yalnız Afrika və ya Yaxın Şərqdəki əməliyyatları dəstəkləmək üçün saxlamağa qərar verə bilər. Ukraynadakı qüvvələr isə bölünəcək. Belə ssenarilər “Vaqner”in psixologiyasına və döyüş qabiliyyətinə təsir göstərə bilər”, - ISW vurğulayır.
Bundan əlavə, Priqojin qiyamdan sonra verdiyi ilk açıqlamasında Vladimir Putinə qarşı çevriliş cəhdi ittihamlarından özünü müdafiə etmək məqsədilə atdığı addımların önəmini azaltmağa çalışıb. Amma “Vaqner” liderinin Putini sədaqətinə inandırmaq cəhdləri uğursuz olub.
“Putinin xalqa son müraciəti Priqojinlə arasında ciddi fikir ayrılığından xəbər verir. Böyük ehtimalla, Kreml “Vaqner”i müstəqil qurum kimi saxlamaq qərarına gəlsə, qrupu Priqojinin xəyanətindən uzaqlaşdırmaq üçün “Vaqner”in liderini dəyişdirməyə çalışacaq”, - təhlildə qeyd olunur.