Çin vasitəçi statusunu artırmağa çalışır. Pekin İranla Səudiyyə Ərəbistanını barışdırdıqdan sonra bu dəfə İsraillə Fələstini barışdırmaq istəyir. İranla Səudiyyəni barışdırmaq çətin deyildi, hər iki dövlət münasibətlərin normallaşdırılmasına hazır idi. Çində aparılan danışıqlar müsbət nəticə verdi, İran və Səudiyyə qarşılıqlı olaraq səfirliklərinin fəaliyyətlərini bərpa etməyə qərar verdi. İsraillə Fələstini barışdırmaq isə Pekin üçün çətin olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Təhlildə vurğulanır ki, buna baxmayaraq, Çin xarici işlər naziri Sin Qan İsraillə Fələstin arasında sülh danışıqlarını ölkəsində bərpa etməyə çağırıb:
“Qan bu təkliflərlə bağlı həm israilli, həm də fələstinli həmkarıyla telefonla danışıb. Onun sözlərinə görə, Çinin danışıqları bərpa etməsində eqoist maraqları yoxdur. O, Pekinin sadəcə İsraillə Fələstin arasında sülhü və bu yolla bölgədə sabitliyi dəstəklədiyini bildirib. Ancaq aydındır ki, Pekinin məqsədi Avrasiya bölgəsində rolunu artırmaq və ABŞ-la rəqabətdə vasitəsçi statusunu artırmaqdır.
Fələstin lideri Mahmud Abbasın bu ayın ortasında Çinə dördgünlük səfəri də Pekinin Yaxın Şərqdə fəallaşması marağından irəli gəlirdi. Vaşinqtonun Yaxın Şərq siyasətində çətinlikləri var. Vaşinqton keçmiş illərdə olduğu kimi İsraili Fələstinlə barışdırmaq və yekun sülh sazişi imzalamaq üçün diplomatik fəallıq göstərmir. Moskvanın da başı Ukrayna müharibəsinə qarışdığına görə, Kremlin Yaxın Şərqə diqqət ayırmağa boş vaxtı yoxdur. Pekin yaranan boşluqdan istifadə edərək bölgədə diplomatik səylərini artırmağa qərar verib.
Mahmud Abbas bu il Çini ziyarət edən ilk ərəb lideri olub. Çin Fələstini dövlət kimi ilk tanıyanlardandır. Pekinin Fələstin Azadlıq Təşkilatı ilə də sıx əlaqələri var. Təşkilatın Pekində ofisi 1965-ci ildən fəaliyyət göstərir”.
Mərkəzin ekspertləri deyirlər ki, Fələstin Pekinin vasitəçiliyinə müsbət yanaşsa da, İsrail hökuməti Çinin təşəbbüsünə şübhəylə yanaşır:
“İsrail bölgədə ABŞ-ın strateji müttəfiqidir. Çin isə ABŞ-ın rəqibidir. Digər tərəfdən, Pekinin ərəb dünyası ilə sıx əlaqələri və Fələstinə artan dəstəyi İsraili narahat edir. Ona görə də İsrailin Pekinin vasitəçi təklifinə müsbət yanaşacağı problematikdir. Eyni səbəbdən Ukrayna da Pekinin vasitəçiliyinə şübhəylə yanaşır. Halbuki Pekin bu istiqamətdə də fəallaşaraq Moskva və Kiyevə 11 maddətlik təkliflər paketini təqdim edib. Pekin Rusiyanın işğal etdiyi ərazilərin rəsmiləşdirilməsinin tərəfdarı olduğunu görə, Kiyev Çinin vasitəçiliyini qəbul etmir. İsrail rəsmiləri də düşünürlər ki, Pekinin vasitəçiliyi Fələstinin işinə yarayacaq. Buna baxmayaraq, İsrail Baş naziri Binyamin Netanyahu Çinin dəvətini qəbul edərək Mahmud Abbasın ardınca Pekinə gedəcək.
Mahmud Abbasın Pekində söylədikləri türk millətçiləri arasında narazılıq doğurub. Fələstin lideri Çin başçısı Si Cinpinlə görüşdə deyib ki, Çində uyğur məsələsi insan haqlarıyla əlaqəli deyil, Pekin terrorla mübarizə aparır. Bu açıqlama uyğularla yanaşı, Türkiyə Millətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının da sərt etirazına səbəb olub. Fələstinlilər kimi uyğurlar da haqları uğrunda mübarizə aparırlar. Ancaq Fələstin lideri öz xalqının mübarizəsini haqlı sayır, uyğurları isə terrorçularla müqayisə edir”.