ABŞ hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün bir çox şansları əldən verib.
Teleqraf.com "The Hill" nəşrinə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasından prezidentliyə namizəd Robert Kennedi deyib.
Onun sözlərinə görə, Vaşinqton qarşıdurmada iştirak etməməsi ilə bağlı bütün təminatlara baxmayaraq, münaqişənin bir hissəsinə çevrilib.
“Biz bu münaqişəni sülh yolu ilə həll etmək üçün çoxlu imkanları əldən verdik. Düşünürəm ki, Ukraynadakı münaqişəni idarə etdiyimiz üsul xalq üçün pis və dəhşətlidir. Biz bu xalqı Rusiya və ABŞ arasındakı proksi müharibəyə sürüklədik",- deyə Kennedi bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ prezidenti Co Bayden Rusiya rəhbərliyini dəyişmək istəyini açıqlayanda bunu əslində etiraf edib. Kennedi vurğulayıb ki, Vaşinqtonun Ukraynadakı hərəkətlərinə humanitar missiya kimi baxmaq olmaz.