“Rusiyada daxili xaos başlayıb, Vladimir Putin nəzarəti itirib, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev artıq hakimiyyəti ələ keçirməyə cəhd edib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.
Onun sözlərinə görə, Rusiyada hakimiyyət və ümumi güc sisteminin başında duran şəxs zəif görünür, bu da müharibənin Ukraynanın məğlubiyyəti ilə bitməli olduğuna inananların tezisini alt-üst edir. Podolyakın fikrincə, bu onunla bağlıdır ki, Rusiyada müxtəlif qaranlıq aktorlar artıq hakimiyyətin bölüşdürülməsi haqda düşünürlər. Ukrayna rəsmisi bu durumun Rusiyanın nüvə arsenalını təhlükəyə atdığını iddia edir.
“Artıq daxili xaos başlayıb. Putin idarəetməni itirib, kral lütdür. Ona görə də demokratik dünya başa düşməlidir ki, Putin artıq danışıqlar aparacaq tərəfdaş deyil”, - Podolyak bildirib.
Ukrayna rəsmisi əlavə edib ki, Rusiyada müxtəlif sui-qəsd qrupları var. Bundan əlavə, Podolyak vurğulayıb ki, Nikolay Patruşev kritik mərhələdə “Vaqner” qrupu vasitəsilə hakimiyyəti ələ keçirməyə cəhd edib, amma bütün nomenklatura bunu bəyənməyib.