Avstriya Avropada hava hücumundan “Səma qalxanı“ (“Sky Shield”) müdafiə sisteminə qoşulacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Federal Kansler Aparatı və Müdafiə Nazirliyi təsdiqləyib.
Federal Kansler Karl Nehammer bu qərarı əsaslandırarkən bildirib ki, Ukraynadakı müharibə təhlükəsizlik vəziyyətinə mənfi təsir göstərib və Avstriyanın dron və raketlərin mümkün hücumundan qorumaq üçün müvafiq tədbirlər görülməlidir. Həmçinin qeyd edilib ki, bu sistemə qoşulmaq Avstriyanın əbədi neytrallığına xələl gətirməyəcək.
Müdafiə naziri Klaudia Tanner bildirib ki, müdafiə sisteminə qoşulmaq üçün hazırda danışıqlar gedir və Avstriyanın bu layihədə konkret iştirakının nədən ibarət olacağı araşdırılır. Qeyd edilib ki, Avstriyanın bu sistemə qoşulması yalnız təhlükələrin qarşısının alınması, yəni sırf müdafiə xarakteri daşıyacaq.
Qeyd edilməlidir ki, "European Sky Shield Initiative" (Avropa Səma Qalxanı Təşəbbüsü) Aİ və NATO üzvü Almaniyanın layihəsidir və Ukraynadakı müharibəni nəzərə alaraq Avropada hava hücumundan müdafiəni təkmilləşdirməyə, mövcud boşluqları doldurmağa və vahid sistem halına gətirməyə xidmət edir. Hazirda təşəbbüsə 17 ölkə qoşulub.