Fransanın Nantr şəhərində 17 yaşlı əlcəzairli Nahel M-in polis tərəfindən öldürülməsinə kütləvi etirazlar davam edir.
Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişi bərpa etmək üçün hər şeyi etmək təlimatı verib.
Prezident vəziyyətin xaotik hal almasından sonra Yelisey sarayında Baş nazir Elizabet Börn və daxili işlər naziri Cerald Darmaninlə ölkədəki durumu müzakirə edib. Makron iclasda nazirlərə ölkədə asayişin və sakitliyin bərpası üçün hər şeyi etməyi tapşırıb, eyni zamanda baş verənlərlə bağlı uzunmüddətli araşdırmaya başlamağı əmr edib.
Bu gün Milli Məclisin sədri Yael Braun-Pivet və Senat rəhbəri Cerard Larçerlə görüşəcək Makron sabah Yelisey sarayında nümayişlərdən zərər çəkən 220 bələdiyyənin sədrləri ilə bir araya gələcək.
Etirazların yenidən alovlanacağı ehtimalına qarşı hüquq-mühafizə orqanları Marsel şəhərinin mərkəzinə zirehli texnikalar yerləşdirib.
Etirazların gərgin keçdiyi Lion şəhərində ötən axşam saatlarında xüsusi təyinatlı polis qüvvələri xidmətdədir.
Sosial mediada yayılan görüntülərə görə, bir qrup radikal millətçi Lion küçələrində “Fransa fransızlar üçün” şüarları səsləndirib.