4 İyul 2023 13:12
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü üçün Tehrandan aldığı PUA-lardan istifadəni davam etdirdiyi vaxtda Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Barbara Vudvord İranla bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, diplomat iyulun 15-də BMT Təhlükəsizlik Şurasında İranla bağlı iclasın keçiriləcəyini deyib.

Vudvord Tehranın Rusiyaya pilotsuz təyyarələr satmasına toxunaraq bildirib: “İran Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində qeyd olunan öhdəlikləri açıq şəkildə pozub”.

Tehranın Moskvaya PUA satması ilə bağlı xəbərlərin ardınca Təhlükəsizlik Şurasının bəzi üzvləri (daimi və qeyri-daimi) sözügedən qurumun 2231 saylı qətnaməsinin pozulması ilə bağlı BMT-nin təhqiqatının aparılmasının vacibliyini vurğulayıblar.

Bu ay Təhlükəsizlik Şurasının sədri postunu təhvil alacaq Britaniya səfiri İranın nüvə silahı əldə etmək cəhdlərindən də danışıb.

“İranın nüvə silahı hazırlamaq üçün lazım olan minimum zənginləşdirilmiş uranın həcmindən üç dəfə çoxu var. Bu, çox narahatedicidir”, - Vudvord söyləyib.

“The Guardian” qəzeti bundan əvvəl yazıb ki, Britaniya və digər Avropa ölkələri İranın ballistik raket istehsalına qarşı sanksiyaları uzatmaqla ilk dəfə nüvə sazişini pozmaq niyyətindədir. ABŞ nüvə sazişindən 5 il əvvəl çıxıb, amma bu müqaviləni imzalayan üç Avropa ölkəsi - Almaniya, Britaniya və Fransa anlaşmanı imzalayan tərəf olaraq qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər