4 İyul 2023 14:14
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya xarici işlər naziri Hayaşi Yoşimasa Tokioda pakistanlı həmkarı Bilaval Bhutto Zərdari ilə ikitərəfli və regional əlaqələri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, təxminən bir saat davam edən görüşdə yapon nazir Pakistanın əhali artım tempinin və gənclərin əhali arasında üstünlük təşkil etməsinin önəmini vurğulayıb.

Yoşimasa qeyd edib ki, Pakistanın yüksək iqtisadi potensialını üzə çıxarmaq üçün investisiya qaydaları təkmilləşdirilməlidir. O, pakistanlı həmkarına Yaponiyanın regionda “Azad və Açıq Hind-Sakit Okean” strategiyası haqda məlumat verib.

Zərdari iki ölkə arasında ticarət, kənd təsərrüfatı və əmək sahələrində əlaqələri gücləndirəcəklərini bildirib.

İqtisadi əlaqələrin yaxşılaşdırılmasına razılıq verən nazirlər müəyyən ixtisaslara malik pakistanlıların Yaponiyada işləməsinə icazə vermək üçün ikitərəfli danışıqları sürətləndirmək barədə razılığa gəliblər.

Sözügedən təmas Tokioda keçirilən ilk Yaponiya və Pakistan xarici işlər nazirlərinin görüşü kimi qeydə alınıb.

Pakistanın baş diplomatı Tokioya səfəri çərçivəsində Yaponiya Baş naziri Kişida Fumio ilə də görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər