4 İyul 2023 14:32
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tiflisə Saakaşviliyə verilən əziyyətin Azərbaycanda da narahatlıq yaratdığı siqnalları göndərilməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Gürcüstanın eks-prezidentinin durumunun ölümcül olduğunu bildirib:

“Gürcüstan hökuməti keçmiş prezident Mixail Saakaşvilini ölümə sürükləməklə, Rusiyaya yarınmış kimi görünür. Saakaşvilinin xəstə yatağında yayımlanan şəkilləri ancaq Kremli və onun tərəfdaşlarını sevindirə bilər. Gürcüstanın hakim partiyasının üzvləri bugünlərdə belə bir açıqlama da yayıblar ki, guya Yevgeni Proqojin Moskvaya yürüşə başlasaydı, Gürcüstan müxalifəti tanklarla Abxaziyaya, Cənubi Osetiyaya və hətta Rusiyanın Soçi şəhərinə daxil olmağı planlaşdırırdı. Bundan absurd iddia ola bilməz. Birincisi, müxalifət olmayan tankları necə əldə edib? İkincisi, Gürcüstan ərazi bütövlüyünü bərpa edə bilməyib, torpaqları işğal altındadır, Soçiyə hücumu hansı potensialı ilə təşkil edəcəkdi? Bu açıqlama Kreml təbliğatçılarının işinə yarayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Tiflisə etirazını Gürcüstanın ölkəsindəki səfirini geri göndərməklə bildirib. Çünki Tiflis Zelenskinin Ukraynada dövlət vəzifəsinə təyin etdiyi şəxsə əzab verir.

Saakaşvilinin hazırkı durumu Azərbaycan cəmiyyətinin bir hissəsini də narahat edir. Çünki Saakaşvili prezident olduğu illərdə Azərbaycanla strateji əməkdaşlığa əhəmiyyət verirdi. Əlbəttə, biz Gürcüstanın daxili işlərinə qarışmırıq, ancaq Tiflisə Saakaşviliyə verilən əziyyətin Azərbaycanda da narahatlıq yaratdığı siqnalları göndərilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər