“Bütün xəbərdarlıqlarımıza baxmayaraq, İsveçdə Qurana hücumu bir daha şiddətlə qınayırıq”.
Teleqraf.com xəbər verir ki, bunu iordaniyalı həmkarı Ayman Safadi ilə görüşündən sonra Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə olaraq İsveçdə Quranın yandırılmasına təpki göstərdik. Bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar toplandı. Bu hadisəyə dünyanın müxtəlif yerlərindən reaksiyalar gəldi. Müvafiq cavab olmasa, bu, nə ilk, nə də sonuncu olacaq. İsveçdə belə hadisələrin polisin himayəsi altında baş verməsi düşündürücüdür. İsveç təhlükəsizlik sisteminin təxribatların qarşısını almaq üçün kifayət etməməsi və NATO üçün problemlər yaratması bizi düşündürür”, - nazir bildirib.
Hakan Fidan İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı da danışıb:
“İsveçin terrorla mübarizə çərçivəsində öz addımlarını atmasını gözləyirik. Brüsseldə daha bir görüş olacaq. İsveçin terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik.
İsveç səylərini davam etdirsə, başqa alternativ də var. Müqəddəs dəyərlərin təhqir olunmasına imkan verən zəminin olması və bunun qarşısını alacaq heç bir mexanizmin olmaması bizi daha çox düşündürür”.
Nazir Fələstin-İsrail münaqişəsinə də toxunub:
“Məsum fələstinli qardaşlarımıza qarşı basqınlar və yeni məskunlaşanların hücumları ən qısa zamanda dayandırılmalıdır. Biz sülhü təmin etmək üçün çalışmaqda davam edəcəyik”.