İran Dövlət Neft Şirkəti Əl-Dura qaz yatağında qazma işlərinə başlamağa hazır olduğunu açıqladıqdan sonra Səudiyyə Ərəbistanı və Küveyt yatağın bu iki ölkəyə aid olduğu barədə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, iki ölkə Tehranı danışıqlara çağırıb.
Səudiyyə Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, bölgədəki təbii ehtiyatlar və Əl-Dura qaz yatağı Küveyt və Səudiyyə Ərəbistanına məxsusdur. Ər-Riyad Tehrandan bu bölgənin şərq sərhədinin müəyyən edilməsi üçün Küveyt və Səudiyyə Ərəbistanı ilə danışıqlara başlamasını tələb edib.
Küveyt Xarici İşlər Nazirliyi də dəniz sərhədlərinin delimitasiyası üzrə danışıqlara başlamaq üçün İrana dəvətini yenilədiyini bildirib.
Küveytin neft naziri Səəd əl-Barak İranın bu niyyətini “beynəlxalq münasibətlərin əsas prinsiplərinə zidd qərar” adlandırıb.
“İranın Əl-Dura qaz yatağında planlaşdırdığı fəaliyyətləri qəti şəkildə və tamamilə rədd edirik”, - nazir deyib.
İranın sözügedən qaz yatağındakı payı ilə bağlı mübahisə 1960-cı illərə gedib çıxır. Səudiyyə Ərəbistanı və Küveyt yatağın istismarı üçün 1970-ci illərdə əməkdaşlığa başlayıb və bu, İranın etirazlarına səbəb olub.
Əl-Dura qaz yatağının ehtiyatları 220 milyard kubmetr həcmində qiymətləndirilir.
Ötən ilin aprelində Küveyt Dövlət Neft Şirkəti Səudiyyə ilə yatağın işlənilməsi üçün sənəd imzaladığını açıqlayıb. Əl-Duradan gündəlik 1 milyard kubmetr qaz və 84 min barel qaz kondensatının hasil ediləcəyi gözlənilir.
Küveyt və Səudiyyə Ərəbistanı arasındakı razılaşma Tehranın etirazına səbəb olub.