NATO-ya üzv olmaq üçün Türkiyənin tələblərini yerinə yetirdiyini iddia etməsinə baxmayaraq, terrorçuların fəaliyyətinə göz yummağa davam edən İsveç digər yandan terror təşkilatı tərəfdarlarına həbs cəzasını nəzərdə tutan qanunu təsdiqləyib. Amma Qurban bayramının ilk günü İraq əsilli Salvan Momikanın paytaxt Stokholmdakı məscidin qarşısında polisin himayəsi altında Quranı yandırması iki ölkə arasında münasibətləri yenidən gərginləşdirib.
Teleqraf.com xəbər verir ki, iyulun 11-12-də Litvada keçiriləcək NATO sammitində İsveçin üzvlük məsələsi prioritet gündəm məsələsi olacaq.
Sammitdən əvvəl - sabah Belçikanın paytaxtı Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli toplantı keçiriləcək.
Toplantıda Türkiyəni xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.
Terrorla mübarizə qanununa edilən dəyişiklik qüvvəyə minsə də, İsveç Türkiyənin tələb etdiyi PKK və FETÖ terrorçularını hələ də ekstradisiya etməyib. Türkiyə bu addımlar atılmasa, İsveçin üzvlüyünə “qırmızı işıq” yandırmayacağını açıq şəkildə bildirib.
İsveçin NATO-ya üzvlüyünə qarşı çıxan Macarıstan bu prosesdə Türkiyə ilə birgə addım atacağına söz verib.