Ukraynanın uzun müddətdir istədiyi “Eurofighter” qırıcılarını hökumətin Səudiyyə Ərəbistanına satmaq niyyəti mətbuata sızdıqdan sonra Almaniyada qalmaqal yaranıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.
“Ukrayna ilə Qərb tərəfdaşları arasında münasibətlər pisləşir. Çünki heç bir Qərb ölkəsi Kiyevin çox ehtiyaclarının olduğunu bildirsə də, ona hərbi təyyarələr vermək istəmir”, - məlumatda deyilir.
Alman nəşri qeyd edir ki, indiyədək yalnız Danimarka və Böyük Britaniya Ukraynaya F-16 döyüş təyyarələrində pilot təlimlərinə başlamağa söz verib. Təyyarələrin özlərinin çatdırılması hələ də sual altındadır.
Xüsusən də arsenalında 138 “Eurofighter” qırıcısı olan Almaniya istəksiz görünür. Hətta Berlin ukraynalı pilotlara təlim verməkdən də imtina edir. Məlumata görə, bunun əvəzinə Kansler Olaf Şolzun ofisi Səudiyyə Ərəbistanına 48 “Eurofighter” qırıcısının ixracına çalışır.
“Hesab edirəm ki, bu, kökündən yanlışdır. Biz Ukraynaya silah verməkdən imtina edə, eyni zamanda diktaturalara və avtokratiyalara ən müasir silahlar verə bilmərik”, - Almaniya “Yaşıllar” Partiyasının lideri Anton Hofreyter deyib.
“Bild” yazır ki, təkcə Almaniya yox, digər ölkələr də qırıcıların çatdırılması məsələsinə istəksiz yanaşır. Nəşr belə bir ritorik sual da ünvanlayır: “Ümumiyyətlə, Qərb Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir?”.
Alman hərbi ekspert Karlo Masala deyir ki, Qərb liderləri hələ də eskalasiyadan qorxurlar. Yəni ukraynalı pilotların Rusiya ərazisinin dərinliklərindən Ukraynaya zərbələr endirin rus təyyarələrini vurmaq üçün bu ölkənin hava məkanına daxil olacağından çəkinirlər.