9 İyul 2023 12:36
1 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlarda geniş istifadə edilməsi ilə mübahisələrə səbəb olan "ChatGPT" çatbotunun istehsalçısı “OpenAI” texnologiya şirkətinin baş direktoru Sam Altman süni intellektin bəşəriyyət üçün ekzistensial təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, süni intellekt barədə maarifləndirmə aparmaq üçün müxtəlif ölkələrə səfər edən Sam Altman ifadə azadlığının ciddi nəzarət altında olduğu BƏƏ-də də olub.

Altman burada insan haqları təşkilatları fəallarının və jurnalistlərin casus proqramlarla izləndiyini iddia edib. Şirkət rəhbəri yeni texnologiyalara nəzarət üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) bənzər bir beynəlxalq qurumun yaradılması təklifini gündəmə gətirib.

“Microsoft”un da 1 milyard dollar sərmayə qoyduğu “OpenAI”nin 38 yaşlı baş direktoru deyib:

“Dünyanın üzləşdiyi problem bu riskləri necə idarə edəcəyimiz və süni intellektdən necə fayda əldə edə biləcəyimizlə bağlıdır. Heç kim dünyanı məhv etmək istəmir”.

Süni intellektin insanların iş və öyrənmə tərzini necə dəyişdirə biləcəyinə dair ipucu verən “ChatGPT”nin uğuru bəzi narahatlıqlar yaradıb.

Altman da daxil olmaqla, süni intellekt sənayesinin liderləri mayda verdikləri birgə bəyanatda pandemiya və nüvə müharibəsi kimi genişmiqyaslı ictimai risklərlə yanaşı, süni intellektdən yaranan risklərin minimuma endirilməli olduğu barədə xəbərdarlıq etmişdilər.

Sam Altman xatırladıb ki, beynəlxalq ictimaiyyət bütün dünyada nüvə enerjisi və fəaliyyətlərinə nəzarət etmək üçün AEBA-nın çətiri altında bir araya gəlib.

BMT-yə bağlı AEBA İkinci Dünya Müharibəsinin sonunda ABŞ-ın Yaponiyanı atom bombası ilə vurmasından sonra yaradılıb.

“Biz dünya olaraq bir araya gəlməliyik. Bütün dünyanın təhlükələrə qarşı örnək aldığı AEBA-dan bəhs edirəm. Yəni nüansları ehtiva edən mesaj veririk. İndi o qədər də təhlükəli deyil, amma tez bir zamanda təhlükəli ola bilər”, - Sam Altman deyib.

Avropa İttifaqı artıq süni intellektlə bağlı qlobal standarta çevrilə biləcək qanun üzərində işləyir.

Sam Altman mayda ABŞ Konqresində keçirilən sessiyada süni intellektlə gələn risklərin idarə olunmasında hökumətin müdaxiləsinin önəmli olacağına diqqət çəkmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər