Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO toplantısında sıx diplomatik təmaslarda olacaq.
Teleqraf.com xəbər verir ki, sammitin gündəmində əsas mövzu Rusiya-Ukrayna müharibəsi, NATO-nun genişlənməsi və Kosovodakı gərginlik olacaq. Bu kontekstdə Türkiyə prezidenti sammitdə ən çox diqqət çəkən liderlərdən biridir.
Türkiyənin NATO-nun kritik müttəfiqlərindən biri olması, Rusiya-Ukrayna müharibəsində vasitəçilik rolu və İsveçin NATO-ya üzvlük məsələlərinə görə Prezident Ərdoğanın diplomatik trafiki sıx olacaq.
Türkiyə liderinin Vilnüsdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz, Böyük Britaniya Baş naziri Rişi Sunak, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis, İsveç Baş naziri Ulf Kristersson, NATO baş katibi Yens Stoltenberq və Avropa Birliyi Komissiyasının rəhbəri Ursula fon Der Leyenlə görüşləri planlaşdırılır.
Prezident Ərdoğanın amerikalı həmkarı Co Baydenlə görüşü ilə bağlı iki liderin proqramlarının tənzimlənməsinə çalışıldığı açıqlanıb.