Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səyləri davam edərkən, Rusiya mətbuatı diqqətçəkən bir xəbər dərc edib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmiləri Prezident Vladimir Putinlə türk həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşünün Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması üçün yeganə şans olduğunu bildirirlər.
"RİA “Novosti" Türkiyə və Rusiya liderlərinin görüşünün gələn həftə başa çatacaq taxıl sazişinin gələcəyi üçün çox kritik olduğunu yazır. Agentliyə danışan rəsmilər Rusiyanın son həftələrdə razılaşmanın uzadılmasına qarşı olduğu barədə açıqlamalar verdiyinə diqqət çəkirlər və taxıl dəhlizinin gələcəyi ilə bağlı çox da müsbət atmosferin olmadığını iddia edirlər.
“Bizim təcrübəmizə görə, iki liderin görüşü bu vəziyyəti dəyişə bilər. Hazırda yeganə ümid budur”, - məlumatda deyilir.
Prezident Ərdoğan rusiyalı həmkarının gələn ay Türkiyəyə səfər edəcəyini açıqlamışdı. Kremlin sözçüsü Dimitri Peskovun isə məsələ ilə əlaqədar açıqlaması belə olmuşdu: “Ehtimal ki, belə bir təmas baş tutacaq. Amma hələlik dəqiq tarix müəyyən edilməyib”.
Türkiyənin “Sözcü” qəzetinin iddiasına görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri zamanı “Azov” alayının komandirlərinin təhvil verilməsi Ankara-Moskva xəttində gərginlik yaradıb. Peskov “Azov” komandirlərinin Ukraynaya qaytarılmasına görə Türkiyənin məsuliyyət daşıdığını deyib.
“Türkiyə razılaşmanı pozdu”, - Kremlin sözçüsü bildirib.
Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində “Azov”un komandirləri təhlükəsizlik məqsədilə Türkiyəyə göndərilmişdi. Rusiya tərəfinin iddiasına görə, müharibə başa çatanadək ukraynalı zabitlər bu ölkədə qalmalı idilər.
Ukrayna taxılının ixracını təmin edən Qara dəniz taxıl dəhlizi sazişi ötən ilin iyulunda Türkiyə və BMT-nin vasitəçiliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən mərasimlə imzalanıb.
Ərdoğan Zelenski ilə görüşündən sonra verdiyi açıqlamada belə demişdi:
“Ümid edirəm ki, son bir ildə ehtiyacı olanlara 33 milyon tona yaxın taxıl çatdıran və müddəti iyulun 17-də başa çatacaq anlaşma yenidən uzadılacaq. İnanıram ki, bütün əlaqədar tərəflər bu məqsədlə qlobal məsuliyyət hissi ilə hərəkət edəcəklər”.