“Rusiya Ukraynada xüsusi əməliyyatda uduzdu, amma hələ də Napoleonun taktikasından istifadə edərək müharibədə qalib gəlməyə çalışa bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Donbasdakı separatçıların keçmiş liderlərindən, polkovnik İqor Girkin-Strelkov deyib.
“Bundan əvvəl demişdim ki, may ayına qədər lazımi tədbirlər görülməsə, o zaman bu müharibəni uduzacağıq. Artıq iyuldayıq, tədbirlər görülməyib, səfərbərlik baş vermir. İndi belə deyim, Marenqo döyüşünü təkrarlamaq şansımız var. Napoleon ilk hissəni darmadağınla uduzdu, sonra ikinci hissəni götürüb qalib gəldi. Prinsipcə, biz xüsusi hərbi əməliyyatda uduzduq, amma müharibədə qalib gəlmək şansı var”, - separatçı bildirib.
Strelkov qeyd edib ki, bunun üçün ruslar “real döyüş”ə başlamalıdırlar. O hesab edir ki, Kiyev üzərində qələbə üçün “alovlu vətənpərvərlik” kifayət deyil. Bununla yanaşı, Strelkov diqqətə çatdırıb ki, Kreml hazırda Ukrayna ilə kompromis razılaşmalarına ümidlidir və orduya heç bir şəkildə kömək etmir.
Marenqo 1800-cü il iyunun 14-də İtaliyaya ikinci hücumunda komandan kimi Napoleon Bonapartın Avstriya ordusuna qarşı apardığı son döyüş idi. Döyüş Napoleonun qələbəsi və İtaliyada Avstriya qüvvələrinin təslim olması ilə başa çatıb.